Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

BCG Matrix nədir və biznesdə necə istifadə olunur?

 BCG Matrix (Boston Consulting Group Matrix), şirkətlərin məhsul və xidmət portfelini təhlil etmək üçün istifadə olunan strateji idarəetmə alətidir. Bu modelin əsas məqsədi, şirkətə resurslarını hansı istiqamətdə bölüşdürməli olduğunu göstərməkdir. Yəni, hansı məhsula daha çox sərmayə yatırmaq, hansını inkişaf etdirmək və hansını dayandırmaq lazımdır sualına cavab verir.

BCG Matrix nə üçün yaradılıb?

 BCG Matrix 1970-ci illərdə Boston Consulting Group tərəfindən hazırlanıb. Həmin dövrdə şirkətlər bir neçə fərqli bazarda fəaliyyət göstərirdilər və qərarvermə zamanı ən vacib məsələ bu idi: “Hansı məhsul gəlir gətirir, hansı isə sadəcə resursları istifadə edir?” Bu sualın cavabını tapmaq üçün BCG Matrix iki əsas göstərici əsasında formalaşdırıldı: bazar payı və bazar artım sürəti. Bu iki meyarın birləşməsi məhsul portfelinin strateji mənzərəsini aydın şəkildə göstərir.

BCG Matrix necə işləyir?

Bu iki dəyişən arasındaki əlaqəyə əsaslanır. Bunlar aşağıdakılardır.

– Bazar artımı — məhsulun fəaliyyət göstərdiyi bazarın nə qədər sürətlə böyüdüyünü göstərir.
– Bazar payı — məhsulun bazardakı liderlə müqayisədə nə qədər paya sahib olduğunu göstərir.

 

Bu iki göstəricinin kəsişməsi nəticəsində dörd fərqli kvadrant yaranır və hər biri biznes üçün fərqli mənaya gəlir. Onlar ulduzlar, pul inəkləri, sual işarələri və itlərdir.

BCG Matrixin hissələri

Ulduzlar

 Bu kvadratda yer alan məhsullar həm yüksək bazar payına, həm də yüksək bazar artım tempinə malikdir. Onlar bazarda lider mövqedədirlər və sürətlə böyüyən seqmentdə fəaliyyət göstərirlər. Ulduz məhsullar şirkətə böyük gəlir gətirə bilər, amma eyni zamanda bu mövqeyi qorumaq üçün ciddi sərmayə də tələb edirlər. Bu səbəbdən ulduzlar adətən gələcəyin “Pul inəkləri” kimi qəbul olunur. Əsas məqsəd bu mərhələdə bazar liderliyini qorumaq və artımı davam etdirməkdir. Buna nümunə olaraq Nvidia və ya Tesla şirkətini nümunə göstərə bilərik.

Pul inəkləri

 Pul inəkləri bazarda yüksək paya sahib, amma artıq doyma mərhələsinə çatmış, yəni artım tempinin aşağı olduğu seqmentlərdə yerləşən məhsullardır. Bu məhsullar sabit və yüksək gəlir gətirir, lakin artıq əlavə sərmayə tələb etmirlər. Şirkətlər adətən bu gəliri digər məhsulların, xüsusilə ulduz və sual işarəsi mərhələsində olanların inkişafına yönəldirlər. Pul inəkləri biznesin maliyyə dayanıqlığının əsas sütunlarından biridir. Nümunə olaraq Coca-cola və ya Apple şirkətini nümunə göstərə bilərik.

Sual işarələri

 Sual işarələri adətən yeni və ya bazarda hələ tam möhkəmlənməmiş məhsullardır. Onlar yüksək artım potensialına malik bazarda fəaliyyət göstərsələr də, bazar payları aşağıdır. Bu mərhələdə şirkət qarşısında seçim dayanır. Ya bu məhsula daha çox investisiya qoyulub o “Ulduz”-a çevriləcək, ya da bazardan çıxarılacaq. Sual işarələri riskli, amma potensial cəhətdən çox dəyərli ola bilər. Disney+ və ya BYD şirkəti buna nümunə ola bilər.

İtlər

 İtlər aşağı bazar payına və zəif artım sürətinə malik məhsullardır. Bu tip məhsullar nə yüksək gəlir gətirir, nə də gələcəkdə ciddi böyümə potensialı göstərir. Şirkətlər adətən bu məhsulları portfeldən çıxarır və resursları daha perspektivli istiqamətlərə yönəldirlər. İtləri saxlamanın mənası yalnız o halda olur ki, məhsul şirkət imicinə və ya müştəri loyallığına dolayı şəkildə fayda verir. Nokia və ya Yahoo bunun üçün yaxşı nümunədir.


BCG Matrix-in biznes üçün müsbət tərəfləri

 Əsas müsbət tərəfi ondadır ki, o, şirkətə məhsul portfelinə strateji baxış imkanı yaradır. Menecerlər bir baxışda hansı məhsulların gəlir gətirdiyini, hansınınsa inkişaf mərhələsində olduğunu görə bilirlər. Bu yanaşma həm də resursların səmərəli idarə edilməsini təmin edir. Eyni zamanda, bu model şirkətləri riskləri minimuma endirərək daha rasional qərarlar verməyə təşviq edir.

BCG Matrix-in mənfi tərəfləri

BCG Matrix-in mənfi tərəfi isə onun yalnız iki amilə, yəni bazar payına və artım tempinə əsaslanır. Lakin mənfəətlilik, texnoloji dəyişikliklər, rəqabət səviyyəsi və brend gücü kimi digər vacib faktorları nəzərə almır, bazar dinamikasındakı dəyişikliklərə hər zaman uyğunlaşmır. Buna görə də  daha çox ümumi istiqamətləri müəyyənləşdirmək üçün, yəni ilkin strateji analiz vasitəsi kimi istifadə olunmalıdır.

BCG MatrixBCG Matrixin avtomobil sektoru üzrə təhlili

 Strateji modelləri daha yaxşı anlamağın ən effektiv yolu onları real sektor nümunələri üzərindən izah etməkdir. Bu baxımdan avtomobil sektoru olduqca uyğun sahə hesab olunur. Burada həm sürətlə böyüyən elektrik avtomobil bazarı, həm də artıq formalaşmış və stabil gəlir gətirən ənənəvi istehsalçılar mövcuddur. Məhz bu fərqlilik bazar payı və artım tempinə əsaslanan BCG Matrix yanaşmasının praktiki tətbiqini aydın şəkildə göstərməyə imkan verir. Aşağıda avtomobil firmalarının strateji mövqeləri bu model çərçivəsində “Ulduzlar”, “Pul inəkləri”, “Sual işarələri” və “İtlər” kateqoriyaları üzrə təhlil olunur.

Ulduzlar-Yüksək artım və yüksək bazar payı olan avtomobil firmaları

 Ulduz firmalar sürətlə böyüyən bazarlarda güclü mövqeyə sahib olan və eyni zamanda yüksək bazar payı qazanan avtomobil istehsalçılarıdır. Bu kateqoriyada əsasən elektrik və innovativ texnologiyalara fokuslanan şirkətlər yer alır.

 Bu qrupa ən açıq nümunə Tesla-dır. Şirkət tam elektrik avtomobil seqmentində qlobal liderlərdən biri olmaqla yanaşı, bazarın ən sürətli böyüyən hissəsində fəaliyyət göstərir. Tesla-nın strategiyası yüksək investisiya, texnoloji üstünlük və aqressiv genişlənmə üzərində qurulub. Bu səbəbdən Tesla klassik “Ulduz” şirkət nümunəsi sayılır.

 Eyni kateqoriyaya Çin bazarında sürətlə böyüyən BYD də daxildir. BYD həm daxili bazarda, həm də beynəlxalq miqyasda elektrik və hibrid avtomobillərlə güclü artım nümayiş etdirir.

Pul inəkləri-Stabil və yüksək gəlir gətirən avtomobil firmaları

 Pul inəyi kateqoriyasında olan avtomobil firmaları bazarda artıq möhkəmlənmiş, geniş istifadəçi bazasına sahib və stabil gəlir axını yaradan şirkətlərdir. Bu firmalar əsasən klassik benzin və hibrid texnologiyalara söykənən böyük istehsalçılardır.

 Bu qrupa ən tipik nümunə Toyota hesab olunur. Toyota uzun illərdir qlobal avtomobil bazarında lider mövqedədir və satış həcmləri sabitdir. Şirkət artıq sürətli artım mərhələsində olmasa da, böyük həcmdə və davamlı gəlir yaradır. Məhz bu gəlirlər Toyota-ya yeni texnologiyalara investisiya etməyə imkan verir.

 Oxşar şəkildə Volkswagen Group da geniş marka portfeli və böyük satış həcmi ilə pul inəyi funksiyasını yerinə yetirir. Bu firmaların əsas məqsədi mövcud mövqeyi qorumaq və gəliri effektiv şəkildə yönəltməkdir.

Sual işarələri-Keçid mərhələsində olan avtomobil firmaları

 işarələri kateqoriyasına daxil olan avtomobil firmaları sürətlə böyüyən bazarlarda fəaliyyət göstərsələr də, hələ ki, bu bazarlarda güclü və stabil mövqe qazana bilməyiblər. Avtomobil sektorunda bu qrupa əsasən yeni elektrik avtomobil istehsalçıları daxildir.

 Bu kateqoriyaya XPeng və Li kimi firmalar nümunə göstərilə bilər. Bu şirkətlər yüksək texnoloji potensiala və innovativ məhsullara malik olsalar da, bazar payları məhduddur və maliyyə baxımından risk daşıyırlar. Onların gələcək mövqeyi qoyulan investisiyaların səmərəliliyindən və bazar genişlənməsinin uğurundan asılıdır. Uğurlu strategiya halında bu firmalar “Ulduz”a çevrilə bilər, əks halda isə bazardan çəkilmək riski ilə üzləşirlər.

İtlər-Rəqabət qabiliyyətini itirən avtomobil firmaları

 İtlər kateqoriyasına daxil olan avtomobil firmaları texnoloji dəyişikliklərə gec reaksiya verən, bazar payı azalan və artım potensialı zəif olan şirkətlərdir. Bu firmalar adətən köhnə istehsal modellərinə və zəif brend mövqeyinə malik olurlar.

 Bu qrupa son illərdə bazar payı azalan bəzi regional istehsalçılar və ənənəvi sedan bazarına həddindən artıq bağlı qalan şirkətlər daxildir. Məsələn, Mitsubishi və Fiat uzun müddət yeni texnologiyalara uyğunlaşmada çətinlik yaşayıb. Bu tip firmalar ya restrukturizasiya yoluna gedir, ya da digər iri qruplarla birləşməyə məcbur qalır.

Nəticə

 Strateji qərarların düzgün verilməsi biznesin uzunmüddətli uğurunda həlledici rol oynayır və bu baxımdan məhsul və xidmət portfelinə sistemli yanaşma şirkətlər üçün ciddi üstünlük yaradır. Bu yanaşma bizneslərə hansı istiqamətlərin stabil gəlir gətirdiyini, hansılarının inkişaf mərhələsində olduğunu və hansılarının artıq resurs itkisinə çevrildiyini aydın şəkildə görməyə imkan verir. Avtomobil sektoru üzərindən aparılan təhlil də göstərir ki, fərqli firmalar bazar artım tempinə və bazar payına görə müxtəlif strateji mövqelərdə yerləşir və bu təsnifat biznes rəhbərlərinə gələcək investisiya qərarlarını daha rasional və məqsədyönlü şəkildə verməyə kömək edir.

 Nəticə etibarilə, BCG Matrix şirkətlər üçün təkcə nəzəri çərçivə deyil, həm də real biznes qərarlarını dəstəkləyən praktik analiz alətidir. Modeldən düzgün istifadə olunduqda risklərin azaldılması, gəlir mənbələrinin qorunması və davamlı böyümə strategiyasının qurulması mümkün olur. Xüsusilə dinamik və rəqabətli bazarlarda fəaliyyət göstərən şirkətlər üçün bu cür strateji yanaşma uzunmüddətli dayanıqlığın əsas şərtlərindən biridir.