Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Google Alqoritm Dəyişiklikləri

Google Alqoritm Dəyişiklikləri (1991–2025)

Google-un tarixi sadəcə bir texnologiya şirkətinin uğur hekayəsi deyil — bu internetin özünün formalaşmasının hekayəsidir. 1998-ci ildə Larry Page və Sergey Brin tərəfindən rəsmi olaraq yaradılan Google Alqoritmi ötən 30 il ərzində dünya üzrə məlumat axınını, istifadəçi davranışlarını və bizneslərin marketinq yanaşmalarını köklü şəkildə dəyişdirdi. Axtarış motoru texnologiyasının təkamülü, xüsusilə SEO (Search Engine Optimization) sahəsində həm texniki, həm də strateji yanaşmaların daim yenilənməsinə səbəb olub.

İlk Dövr (1991–2000): Axtarışın yaranması

1991-ci ildə internet ictimaiyyətə açıldıqdan sonra istifadəçilər məlumat axtarışında effektiv vasitələrə ehtiyac duymağa başladılar. İlk nəsil axtarış motorları — Yahoo!, AltaVista, Lycos və Excite kimi platformalar — açar sözlərin mətnlərdəki uyğunluğuna əsaslanan sadə mexanizmlərlə işləyirdi.

Google və PageRank Alqoritmi (1998)

Google-un qurucuları Larry Page və Sergey Brin tərəfindən yaradılan PageRank alqoritmi inkişafedici bir yanaşma idi:
  • Veb səhifələrin nə qədər etibarlı və faydalı olduğu, digər saytlardan ona verilən keçidlərin (backlinklərin) sayına və həmin keçidlərin gəldiyi saytların keyfiyyətinə əsasən müəyyən olunurdu. Yəni, bir səhifəyə nüfuzlu saytlardan çoxlu link verilirdisə, Google həmin səhifəni daha etibarlı hesab edir və axtarış nəticələrində yuxarıda göstərirdi.
  • Axtarış nəticələrinin relevantlığı artdı. İstifadəçilər Google-da hər hansı bir söz və ya sual axtaranda, qarşılarına çıxan nəticələr onların sorğusuna daha uyğun və məqsədəuyğun olurdu. Yəni, istifadəçinin nə axtardığı daha yaxşı başa düşülür və ona ən uyğun cavablar təqdim edilirdi.
Nəticə olaraq bu dövr SEO-nun ilkin mərhələsi kimi yadda qaldı. Sadəcə açar söz əlavə etmək yox, sayta keyfiyyətli linklər qazandırmaq, onun mövqeyini yaxşılaşdırmaq üçün vacib faktora çevrildi.

SEO-nun formalaşması və ilk ciddi alqoritm müdaxilələri (2000–2010)

Bu dövr SEO üçün “qızıl əsr” kimi qiymətləndirilir. Sayt sahibləri axtarış nəticələrində üstünlük qazanmaq üçün müxtəlif “Black Hat SEO” metodlarından istifadə edirdilər:
  • Açar sözlərlə doldurulmuş mətnlər (keyword stuffing)
  • Gizli mətnlər və görünməyən linklər
  • Link fermaları və qarşılıqlı bağlantılar (link exchanges). “Link fermaları” (ingiliscə: link farms) — SEO-da axtarış nəticələrində süni şəkildə yüksəlmək məqsədilə yaradılmış saytlar və ya səhifələr şəbəkəsidir. Bu səhifələr bir-birilərinə və ya başqa bir əsas sayta çox sayda backlink verərək həmin saytın Google-da reytinqini süni şəkildə artırmağa çalışır.
Bu metodlara cavab olaraq Google Alqoritmi bir sıra ciddi yeniləmələr etdi:  

Florida Update (2003)

Google-un ilk böyük alqoritm müdaxilələrindən biri idi: Spam texnikaları ilə hazırlanmış saytlar sıralamalardan silindi. Açar söz doldurması artıq effektiv deyildi. Nümunə: BMW.de (Almaniya) 2006-cı ildə fərqli bir alqoritm cəzası ilə gündəmə gəlmişdi. Google Alqoritmi bu saytı gizli mətn və manipulyativ SEO səbəbi ilə Google-un nəticələrindən silinmişdi.  

Universal Search (2007)

Google-un axtarış nəticələri ilk dəfə olaraq yalnız mətni deyil, şəkil, video, xəbər, xəritə kimi multimediya elementlərini də əhatə etməyə başladı. Nəticədə SEO artıq təkcə mətni optimallaşdırmaqdan ibarət deyildi. Multimedia kontenti, strukturlaşdırılmış məlumatlar və istifadəçi təcrübəsi də SEO-nun əsas hissəsinə çevrildi.

İntellektual axtarış və istifadəçi fokuslu SEO (2010–2020)

Bu onillik Google-un sadəcə məlumat “tapmaq” yox, onu “anlamaq” məqsədi daşıyan süni intellekt əsaslı axtarış mexanizmlərinə keçidi ilə yadda qaldı.

Panda Update (2011)

Aşağı keyfiyyətli və kopyalanmış kontentə sahib saytlar cəzalandırıldı. Orijinal, dəyərli və istifadəçiyə fayda verən kontent ön plana çıxdı. Panda Update-dən təsirlənmiş sayt nümunələri:
  • eHow.com (Demand Media) Bu sayt, çox sayda aşağı keyfiyyətli, sürətli və səthi cavablarla dolu məqalələr dərc etdiyi üçün Panda yeniləməsi ilə ciddi şəkildə gerilədi.
  • Suite101.com İstifadəçilər tərəfindən yaradılan, lakin keyfiyyətsiz və zəif redaktə olunan məqalələrlə dolu idi. Panda update saytın trafikinə böyük zərbə vurdu.

Penguin Update (2012)

Backlink manipulyasiyası və süni bağlantı şəbəkələri ciddi şəkildə təsirsizləşdirildi. Penguin Update -dən təsirlənmiş sayt nümunələri: JCPenney.com – 2011-ci ildə (Panda və Penguin öncəsi) link manipulyasiyası səbəbilə cəzalandırıldı. Bu nümunə Florida Update dövrünə düşməsə də, link spam və “black hat SEO” metodlarının nəticələrini göstərir.

Hummingbird (2013)

Google Alqoritmi sorğuların yalnız açar sözlərə görə deyil, ümumi mənasına və məqsədinə görə cavablandırılmasını prioritetləşdirdi.

RankBrain (2015)

Google 2015-ci ildə RankBrain adlı yeniləmə ilə ilk dəfə olaraq maşın öyrənməsi (machine learning) texnologiyasını axtarış alqoritminə inteqrasiya etdi. Bu o deməkdir ki, sistem artıq əvvəlcədən yazılmış sabit qaydalara əsaslanmırdı, əksinə, istifadəçi davranışlarını (nəyi klikləyir, nə qədər vaxt keçirir, hansı nəticəni faydalı hesab edir və s.) təhlil edərək öz-özünə öyrənir və zamanla daha yaxşı nəticələr təqdim etməyə başlayırdı.

BERT Update (2019)

Təbii dil emalı (Natural Language Processing) texnologiyası ilə kontekstual anlayışlar daha effektiv başa düşülməyə başlandı. Mürəkkəb sorğular, sual şəklində axtarışlar daha düzgün cavablandırıldı. Nəticə: Google insan dilini və niyyətini başa düşməyə yönəldi. SEO artıq təkcə texniki sahə deyil, istifadəçi psixologiyasını və davranışını analiz edən çoxşaxəli bir sahəyə çevrildi. “Featured Snippet” və “People Also Ask” funksiyaları ilə sıfırıncı mövqe anlayışı önə çıxdı. “Featured Snippet” Google-un axtarış nəticələrində sıfırıncı mövqe kimi tanınan xüsusi hissədir. İstifadəçinin sualına qısa və konkret cavab təqdim olunur və bu cavab bir vebsaytdan götürülərək birbaşa səhifənin yuxarısında göstərilir. Mətnlə yanaşı, şəkil, cədvəl və ya video da ola bilər. “People Also Ask” isə istifadəçinin sorğusuna yaxın olan digər sualların və cavabların göstərildiyi interaktiv blokdur. Bu hissə istifadəçiyə daha çox məlumat axtarmağa imkan verir və vebsaytlar üçün əlavə görünürlük yaradır.  

Süni İntellektlə Yeni Axtarış Paradigması (2020–2025)

Son illərdə Google Alqoritmi axtarış texnologiyası əvvəlki illərlə müqayisədə daha sürətlə və daha radikal şəkildə dəyişməyə başladı. Əsas diqqət kontentin keyfiyyətindən başqa, onun istifadəçiyə nə dərəcədə faydalı olduğuna yönəldi. Passage Indexing (2020): Google artıq uzun bir səhifənin yalnız spesifik bir hissəsini (passage) ayrıca indeksləyə və sıralaya bilir. Bu, uzun məqalələrdəki konkret informasiyanın tapılmasını asanlaşdırdı. MUM — Multitask Unified Model (2021): MUM modeli eyni anda çoxsaylı və fərqli tipli məlumatları (mətn, şəkil, video) analiz edərək, daha kontekstual və dərin cavablar təqdim edə bilir. Məsələn, “Əgər Kilimancaro dağına yayda qalxmaq istəyirəmsə, hansı hazırlıqları görməliyəm?” kimi mürəkkəb sorğular MUM ilə daha effektiv cavablanır. Helpful Content Update (2022): Saytlar artıq sadəcə SEO məqsədli deyil, insan üçün faydalı və dəyərli kontent təqdim etməyə təşviq olunur. “İnsanlar üçün, insanlar tərəfindən yazılmış kontent” Google-un əsas mesajına çevrildi. SGE – Search Generative Experience (2023–2025): Axtarış nəticələrinin üzərinə AI tərəfindən yaradılmış dinamik, öyrədici və kontekstual cavablar əlavə olunur. İstifadəçi artıq linklərə klikləmədən əvvəl ehtiyac duyduğu əsas məlumatı əldə edə bilir. Məsələn, “WordPress saytım niyə yavaş işləyir?” sualına cavab olaraq AI bir neçə səbəbi və həll yollarını qrafik və mətni şəkildə izah edir. Nəticə: SEO üçün bu dövr kritikdir. Saytlar yalnız axtarış sıralamasında deyil, AI cavablarının içində də yer almağa çalışmalıdır. Bu isə kontentin strukturlaşdırılması, E-E-A-T (Experience, Expertise, Authoritativeness, Trustworthiness) və istifadəçi niyyəti üzərində qurulmuş strategiyalar tələb edir.  

Ümumi dəyərləndirmə

Google Alqoritmlərindəki bu 30 illik təkamül, internetdə informasiya ilə münasibətimizi köklü şəkildə dəyişdi. Əgər əvvəllər əsas məqsəd “tapmaq” idisə, indi əsas məsələ “başa düşmək və cavablandırmaq”dır. SEO sahəsində çalışanlar üçün bu, yalnız texniki biliklə kifayətlənmək deyil, həm də istifadəçi niyyətini, dəyərli kontent yaratmağı və süni intellektin necə işlədiyini başa düşməyi tələb edir. Google Alqoritmi axtarış alətləri durmadan dəyişir, lakin bir prinsip dəyişməz qalır: İstifadəçiyə real dəyər təqdim edən kontent həmişə ön planda olacaq. Nəticə etibarı ilə “SEO yalnız onu görməzdən gəlsəniz ölüdür.” Google-un süni intellektlə zənginləşmiş alqoritmləri qarşısında SEO öz formasını dəyişsə də, əhəmiyyətini itirməyib. Əgər onu düzgün tətbiq etməsəniz, sadəcə oyunun xaricində qalarsınız.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !