Porter nəzəriyyəsi nədir: 5 Güc modeli ilə rəqabət üstünlüyü qazanmağın effektiv yolları
Porter nəzəriyyəsi Harvard Business School professoru Michael E. Porter tərəfindən hazırlanmış rəqabət strategiyası modelidir. Nəzəriyyə bir şirkətin bazarda mövqeyini təhlil etmək və uzunmüddətli rəqabət üstünlüyü qazanmaq üçün istifadə olunur. Əsas məqsəd şirkətin fəaliyyət göstərdiyi sahədə rəqabətin gücünü müəyyən etmək və strategiyanı buna uyğun formalaşdırmaqdır.
Bu nəzəriyyə Porter-in 5 Güc modeli ilə tanınır. Bu model, biznes mühitini beş əsas faktor üzrə təhlil edir:
1.Rəqabət səviyyəsi
Rəqabətin intensivliyi şirkətin bazardakı gəlirliliyinə birbaşa təsir edir. Əgər bazarda çox sayda rəqib varsa və məhsullar arasında fərq azdırsa qiymət rəqabəti artır bu da mənfəət marjasını azaldır.
Məsələn marketlər (Bravo, Araz, Bazarstore) qiymət rəqabəti çox güclüdür.
Strategiya tövsiyəsi:
Məhsul və ya xidmətinizdə fərqlilik yaradın
Marka dəyərinizi gücləndirin
Müştəri sadiqliyini artırın
2.Yeni İştirakçıların bazara daxil olması
Yeni şirkətlərin bazara daxil olması mövcud şirkətlər üçün təhlükə yaradır. Əgər giriş maneələri aşağıdırsa (az investisiya, az qanuni tələblər), bazara yeni oyunçuların daxil olması asandır.
Online taksi bazarı (Uber, Bolt, yerli tətbiqlər).
Strategiya tövsiyəsi:
Güclü brend imici yaradın
Texnologiyaya sərmayə edin
3.Əvəzləyici Məhsulların Təhdidi
Əgər bazarda sizin məhsulunuzu əvəz edə biləcək alternativlər varsa, bu da risk yaradır.
Məsələn qəhvə içən bir müştəri çayı seçə bilər.
Strategiya tövsiyəsi:
Əlavə dəyər təqdim edin (bonus xidmətlər, zəmanət, unikal dizayn)
Müştəri ehtiyaclarını yaxından izləyin
4.Təchizatçıların Gücü
Təchizatçı azdırsa və ya unikaldırsa, qiymətləri və şərtləri öz xeyrinə dəyişə bilər. Lakin bu sizin xərclərinizi artıra bilər.
Məsələn əgər hər hansı hoteldə yeməklər üçün tərəvəzləri yalnız bir kənd təsərrüfatı şirkətindən alırsa və o şirkət qiyməti qaldıranda hotel alternativi olmadığı üçün razılaşmağa məcbur olur.
Strategiya tövsiyəsi:
Birdən çox təchizatçı ilə işləyin
Uzunmüddətli müqavilələr bağlayın
5.Alıcıların Gücü
Bu model alıcıların bazarda nə qədər güclü olduğunu göstərir. Yəni müştərilər şirkətin qiymət, keyfiyyət və xidmət şərtlərinə nə dərəcədə təsir edə bilir.
Əgər müştərinin çox seçimi varsa və asanlıqla rəqibə keçə bilirsə, onların gücü yüksək olur. Əksinə, seçim azdırsa və alternativ tapmaq çətindirsə müştərinin gücü zəif sayılır.
Bakıda çoxlu hotel varsa, turist rahatlıqla başqa hoteli seçə bilər. Bu da müştərinin gücünü artırır, çünki seçim imkanı çoxdur.
Strategiya tövsiyəsi:
Müştərilər üçün əlavə üstünlüklər yaradın
Marka imicinizi gücləndirin ki, qiymət azaldılması tələb olunmasın
Porter Nəzəriyyəsinin Üstünlükləri:
Şirkətinizin bazardakı mövqeyini dəqiq təhlil edir
Rəqabət üstünlüyü qazanmaq üçün konkret istiqamətlər göstərir
Hər ölçüdə biznes üçün tətbiq oluna bilər
Nəticə:
Porter nəzəriyyəsi, bazar şəraitini anlamaq və rəqabətdə qalib gəlmək üçün güclü bir vasitədir. 5 güc modelini tətbiq edərək, biznesinizin güclü və zəif tərəflərini müəyyən edə, bazar təhdidlərini azalda və uzunmüddətli strategiyalar qura bilərsiniz.