Pestel analizi nədir?
PESTEL analizi yeni başlayan bizneslərin və startapların böyümə, inkişaf və sağqalma strategiyasını qurmaq və biznesin fəaliyyət göstərdiyi mühiti qiymətləndirmək üçün istifadə olunan analiz metodudur. PESTEL analizi Makroiqtisadi amillərə uduzmamaqda, bizneslərə siyasi təsirlərin dalğasında qalmadan, marketinq fəaliyyətini stratejik planlamaqda mayak rolunu oynayır. Bu model bazara təsir edən 6 əsas xarici faktoru analiz edir: Politik, Ekonomik, Sosial, Texnoloji, Ekoloji, Hüquqi. SWOT analizindən fərqli olaraq, bu metodda brendin mövcudluğuna və inkişafına təsir edən xarici amillər təhlil olunur.
PESTEL analizi vacibdir?
“Hər planın ən önəmli parçası planın plana görə getməyəcəyini planlamaqdır” Morgan Houselin “Pulun psixologiyası” kitabında deyildiyi kimi, kənar təsirlər həmişə var. Brendimizin daxili gücünü bilsək də, öz məhsulumuza və marketinq strategiyamıza güvənsək belə, bu yetmir. PESTEL analizi sadəcə bizneslərin qarşılaşacaqları təhlükə və riskləri əvvəlcədən görmür. Bu analiz metodu startaplar, yeni başlayan bizneslər, françayzinq etmək istəyən brendlər üçün bazara təsir edən faktorları analiz edərək mövcud bazarda brendin mövqeləndirilməsində ən böyük dəstəyi göstərir. Brand awareness kampaniyalarında daha çox istifadə olunur. Bir neçə istifadə istiqamətini belə müəyyənləşdirə bilərik:
Yeni biznesə başlamazdan əvvəl bazarı anlamaq
Marketinq strategiyasını düzgün qurmaq
Riskləri əvvəlcədən görmək
Rəqiblərdən fərqlənmək
Bir sözlə, PESTEL = daha ağıllı qərarlar
PESTEL analizi necə aparılır?
6 güclü makromühit amili üzrə analiz aparılır: Politik, Ekonomik, Sosial, Texnoloji, Ekoloji, Hüquqi.
Siyasi faktorları analiz etmək
Politik sferada dövlət siyasəti, hökumətin verdiyi qərarlar, vergi qanunları, ticarət məhdudiyyətləri və siyasi sabitlik kimi amillər, daha böyük miqyasda götürsək, regionda baş verən siyasi müharibələr təsir edir. Biznesin və ya startapın fəaliyyət göstərdiyi ölkədə Dövlətin biznesə münasibəti necədir? Hökumət biznes islahatları keçirməyə maraqlıdırmı? Vergi siyasətində dəyişiklik və tənzimləmələr bizneslərə necə təsir edir? Fiskal siyasət bazarı genişləndirir yoxsa daraldır? bu kimi siyasi faktorlar bizneslərin fəaliyyətinə birbaşa təsir göstərir.
İqtisadi vəziyyəti qiymətləndirmək
İnflyasiya, faiz dərəcələri, valyuta məzənnələri, iqtisadi artım və ya devalyasiya, gəlir səviyyəsi, ÜDM, işsizlik səviyyəsi biznesə təsir ekonomik faktorları arasındadır. Mövcud bazarda inflyasiya səviyyəsi necədir? Bizneslər üçün faiz dərəcələri yüksəkdirmi? Sosial-iqtisadi rifahın vəziyyəti qənaətbəxşdirmi? Müştərinin alıcılıq gücü ortalama olaraq necədir?
Sosial davranışları anlamaq
Əhali artımı, təhsil səviyyəsi, mədəni dəyərlər, həyat tərzi və istehlakçı davranışları, bunların hamısı bizneslərin fəaliyyətinə təsir edir. Hər ağac hər torpaqda bar vermədiyi kimi, hər məhsul hər sosial mühitdə satmır. Məhsulun və xidmətin istehlakçı üçün maraqlı deyilsə, onun həyatının bir parçası olmayacaqsa və ona təsir etməyəcəksə, bu biznes görünməyəcək. İstənilməyəcək. Sosial faktorları araşdırarkən, bu suallara cavab vermək lazımdır: İnsanlar nə istəyir? Hansı məhsullara tələb var? İnsanlara nə, niyə maraqlıdır? Hansı trendlər yüksəlişdədir? İnsanlar həyatlarında nəyi dəyişdirmək istəyirlər?
Texnoloji dəyişiklikləri izləmək
Texnologiya bütün bizneslərin inkişaf xəritəsini cızır. Yeni platformalar, innovasiyalar, yeni texnologiyaların inkişafı, rəqəmsal transformasiya, avtomatlaşdırma və rəqəmsallaşma ölkə, region və biznes səviyyəsində araşdırılmalı mövzudur. Rəqəmsal gerilik biznesləri yaşatmır. Məsələn, Instagram və TikTok kimi platformalar marketinqə necə təsir göstərir? AI alətləri kontent istehsalını sürətləndirirmi?
Ekoloji faktorları nəzərə almaq
İqlim dəyişikliyi, ətraf mühitin qorunması, tullantı idarəçiliyi, yenidənbərpa və davamlılıq siyasətləri ekoloji faktorlar sayılır. Ekoloji təmiz dünya yaratmaq qlobal məsələ olduğu üçün, ekoloji amillər bütün sahələrə təsir edir. Karbon izi siyasəti aparılırmı? Davamlılıq trendi hansı səviyyədə reallaşır? İstehlakçılarda iqlim həssaslığı varmı? Müştərilərin “eko” yanaşması necədir?
Hüquqi riskləri yoxlamaq
Hüquqi faktorlar biznesin fəaliyyət göstərdiyi qanunvericilik mühitini əhatə edir. Buraya istehlakçı hüquqları, vergi siyasəti, reklam qanunu, əmək qanunvericiliyi, lisenziyalaşdırma tələbləri və məlumatların qorunması daxildir. İstehlakçı hüquqları şirkətin satış və qaytarma proseslərinə necə təsir edir? Vergi qanunvericiliyində dəyişikliklər qiymət siyasətinə necə təsir edə bilər? Reklam haqqında qanun kampaniyaların məzmununu necə məhdudlaşdırır? Əmək qanunvericiliyi işçi xərclərinə və idarəetməyə necə təsir edir? Müqavilə və kommersiya qanunları tərəfdaşlıqlarda hansı riskləri yaradır? Məlumatların qorunması ilə bağlı qanunlar digital fəaliyyətə necə təsir edir?
Real bizneslər üzərindən araşdırma edək:
PESTEL analizi: İrşad Electronics
Politik
Dövlətin idxal siyasəti məhsul çeşidinə və qiymətlərə təsir edir
Gömrük rüsumları və vergi dəyişiklikləri məhsulların maya dəyərini artırır
Dövlətin rəqəmsallaşma və texnologiya təşviqi proqramları bazarı genişləndirə bilər
Regionda siyasi sabitlik təchizat zəncirinin davamlılığını təmin edir
Ekonomik
Valyuta məzənnəsi məhsulların qiymətinə birbaşa təsir edir
İnflyasiya alıcılıq qabiliyyətini azalda bilər.
Kredit və taksit imkanları satışları artıran əsas faktordur
Əhalinin gəlir səviyyəsi tələbin formalaşmasına təsir edir
Sosial
Gənc və texnologiyaya maraqlı əhali tələbi artırır
Brendə olan etibar satış qərarına təsir edir
Online alış vərdişlərinin artması e-commerce-i gücləndirir
Texnoloji məhsulların həyat tərzi, status simvolu olması tələbi yüksəldir
Texnoloji
E-commerce platformaların inkişafı satış kanallarını genişləndirir
Mobil tətbiqlər və online satış sistemləri müştəri təcrübəsini yaxşılaşdırır
Yeni məhsulların sürətli yenilənməsi (iPhone, Samsung və s.) stok idarəetməsini çətinləşdirir
Rəqəmsal reklam alətləri (Meta, Google Ads) satışın artırılmasına imkan yaradır
Ekoloji
Elektron tullantılar ekoloji məsuliyyət yaradır
Recycling təşəbbüsləri brend imicini gücləndirə bilər
Enerji effektiv cihazlara maraq artır
Ekoloji kampaniyalar müştəri loyallığını yüksəldə bilər
Hüquqi
İstehlakçı hüquqları satış və qaytarma proseslərini tənzimləyir
Vergi qanunvericiliyi qiymət və mənfəətə təsir edir
Əmək qanunvericiliyi işçi xərclərini müəyyən edir
PESTEL analizi: Starbucks
Politik
Kənd təsərrüfatında idxal qaydaları qəhvə tədarükünə təsir edə bilər
Ekonomik
İnflyasiya qəhvə və süd kimi xammalın qiymətini artırır
İqtisadi böhran zamanı insanlar premium qəhvədən daha az istifadə edə bilər
Sosial
Gənclər arasında “coffee culture” trendi artıb
İnsanlar artıq kafeləri sosial məkan kimi istifadə edir
Texnoloji
Mobil tətbiqlərlə sifariş trendi məhsulların sürətli satılmasını dəstəkləyir
Ekoloji
Davamlı qəhvə istehsalına olan təzyiq şirkətin təchizat və istehsal strategiyasına təsir edir
Plastik stəkanların azaldılması ekoloji məsuliyyət və brend imicinin gücləndirilməsi baxımından vacibdir
Hüquqi
Qida təhlükəsizliyi standartları məhsul keyfiyyəti və müştəri sağlamlığının qorunmasını təmin edir
Françayzinq müqavilələri ilə bağlı qanunlar tərəfdaşlıq münasibətlərini və biznes modelini tənzimləyir.
PESTEL analizi göstərir ki, biznes mühiti yalnız daxili qərarlarla deyil, xarici faktorların təsiri ilə də formalaşır. Siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji və hüquqi amilləri düzgün analiz edən şirkətlər dəyişikliklərə daha tez uyğunlaşır və rəqabətdə üstünlük əldə edir.
Biznes planları tərtib edilərkən və marketinq strategiyası hazırlanarkən bu analiz metodundan istifadə bizneslərə birbaşa görünməyən faktorlara üfüq açır.
PESTEL analizi qeyri-müəyyənliyi anlamağın və fürsətə çevirməyin ən sistemli yollarından biridir. Dəyişən mühitdə qalib olanlar isə fərqi öncədən anlayanlardır.


