Mündəricat
ToggleViral Marketing nədir?
Viral marketinq, məzmunun rəqəmsal virus kimi istifadəçilər arasında sürətlə yayılması üçün nəzərdə tutulmuş kommunikasiya strategiyasıdır. Onun məqsədi böyük reklam sərmayələri tələb etmədən izləyicilərin mesajı kortəbii şəkildə paylaşması, eksponent effekt yaratmasıdır.Digər marketinq yanaşmalarından fərqli olaraq, bu strategiya aktiv auditoriyanın iştirakına əsaslanır. Məzmun emosiyalar oyatmağı, təəccübləndirməyi və ya əyləndirməyi bacardıqda, insanlar onu sosial mediada və digər rəqəmsal platformalarda trendə çevirərək paylaşmağa başlayırlar
Viral Marketinqin mənfi və müsbət cəhətləri
Viral marketinq şirkətlərə ənənəvi marketinq kampaniyalarına görə daha geniş müştəri bazasına çatmaq imkanı verir. Bu genişlənmiş əhatə, şirkətə yeni bazarlara daxil olma və müştəri bazasını artırma imkanı verir.
Yaradıcı yanaşma ilə şirkətlər viral reaksiyalar meydana gətirə bilərlər. Məsələn, Burger King, McDonald’s-ın hamburgerlərinin çürümədiyini iddia etməsinə cavab olaraq, aylarla köhnəlmiş, küflənmiş Whopper-ın şəkillərini yayımlayaraq böyük bir diqqət cəlb etdi. Burger King bununla, heç bir qoruyucu maddə istifadə etmədiyini sübut edərək müştərilərinə sağlam və keyfiyyətli məhsul təqdim etdiyini göstərdi.
Viral marketinqin xərcləri adətən ənənəvi reklam kampaniyalarının bir hissəsidir. Bu formada, reklam şirkətin məhsul və xidmətlərini müştərilər arasında yaydıqda demək olar ki, pulsuz olur.
Mənfi təsirlərinə baxası olsaq:
Bəzən viral marketinqin nəticəsi gözlənilənlə eyni olmaya bilir. İstehlakçılar, adətən, mənfi xəbərləri müsbət xəbərlərdən daha çox paylaşırlar və araşdırmalar göstərir ki, insanlar mənfi xəbərlərə daha güclü emosional reaksiya verirlər.Mənfi təsir şirkətə zərər verə bilər və bəzən bunu aradan qaldırmaq mümkün olmaya bilir.Əvvəlki uğursuz kampaniyalar gələcək viral marketinq təşəbbüslərinə mənfi təsir göstərə bilər.
Viral marketinq və ənənəvi reklam arasındakı fərqlərə nəzər yetirək.
Viral marketinq ənənəvi reklamdan paylama mexanizminə görə fərqlənir. Ənənəvi reklam televiziya, radio və ya çap kimi mediada ödənişli reklamlar vasitəsilə öz auditoriyasına çatmaq üçün sabit büdcələrə əsaslansa da, viral marketinq istifadəçilərin iştirakı sayəsində üzvi şəkildə böyüyür.Digər əsas fərq qarşılıqlı əlaqə səviyyəsidir. Ənənəvi reklamda mesaj bir istiqamətlidir və marka tərəfindən idarə olunur. Bunun əksinə olaraq, viral marketinqdə istehlakçılar məzmunu paylaşaraq, şərh edərək və dəyişdirərək, onun təsirini gücləndirən iştirakçı dinamika yaratmaqla aktiv rol oynayırlar.
Viral Marketinqə uğurlu nümunələr
Qeyd etdiyimiz kimi, viral marketinq rəqəmsal dövrdə ən güclü strategiyalardan biridir və markanın təsirini sürətlə artırmağa qadirdir. Onun uğuru,insanları kortəbii şəkildə paylaşmağa həvəsləndirən cəlbedici, emosional və ya əyləncəli məzmun yaratmaq bacarığındadır.
Böyük brendlərin ikonik kampaniyalarından tutmuş sosial media tendensiyalarının istifadəsinə qədər, viral marketinq ictimaiyyətin diqqətini çəkmək üçün müxtəlif formalarda olur. Aşağıda fərqli yanaşmaların auditoriyaya necə böyük təsir göstərdiyini göstərən bəzi yerli və xarici nümunələri araşdıracağıq.
1.Will Smith və Chris Rock mübahisəsi
Bu şəkillə hazırlanan paylaşımları xatırlayırsınız? Söhbət 2022-ci ildə keçirilən qalmaqallı Oscar mükafatları mərasimindən gedir. Will Smith aktyor Chris Rock-a canlı yayım zamanı şillə vurmuşdu. Chris Rock Will Smith-in həyat yoldaşı Jada Pinkett Smith haqqında zarafat etmişdi (onun saçsız olması ilə bağlı), bu da Will Smith-in emosional reaksiya verməsinə səbəb olmuşdu.
Bu hadisə mediada və sosial şəbəkələrdə böyük rezonans doğurmuşdu və hələ də müzakirə olunur. Will Smith sonradan üzr istədi və akademiyanın tədbirlərindən 10 il müddətinə uzaqlaşdırıldı.
2.Duo-nun ölüm xəbəri
Bir müddət əvvəl Duolingo-nun məşhur yaşıl bayquş maskotu Duo-nun “ölüm xəbəri” sosial şəbəkələrdə sürətlə yayıldı. Bu xəbər gerçək olmasa da, istifadəçilər tərəfindən sürətlə paylaşılaraq viral hala gəldi. Şirkət bu vəziyyəti ustalıqla idarə edərək, zarafatlara cavab verdi və brendin tanınırlığını artırdı.
3.Emin Ağalarov-un “Sea Breeze”dən ev hədiyyəsi
Emin Ağalarov Seabreeze-dən ev hədiyyə etdiyi giveaway ilə çox danışılan bir kampaniya yaratdı.Bütün hər kəs sosial mediada bununla bağlı öz fikrini bölüşməyə başladı.Bu cür tədbirlər həm iştirakçıları həyəcanlandırır, həm də markanın daha geniş auditoriyaya çatmasını təmin edir. Əslində, viral marketinqin gücü elə buradadır – maraqlı və cəlbedici kampaniyalarla böyük yayılma əldə etmək.
4.”Qızlara ağ yaraşır” layihəsi
“Qızlara ağ yaraşır” layihəsi, erkən nikah probleminə diqqət çəkməklə qızları fiziki və mənəvi cəhətdən güclü olmağa, cüdo ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada təmsil etməyə təşviq edir. Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi bu sosial kampaniya çərçivəsində, 7-14 yaş arası qızlar üçün bölgələrdə cüdo məşqləri təşkil olunur. İlk 1000 iştirakçıya cüdo forması (cüdoqi) və 1 ay pulsuz məşq hədiyyə edilir. Güclü mesajı və geniş əhatəsi ilə bu layihə də uğurlu viral marketinq nümunələrindən biridir.
5.Yusuf Dikeç’in Paris 2024 fotosu ilə fenomenə çevrilməsi
Paris 2024 Olimpiadasında Yusuf Dikeçin bu təsirli görüntüsü bir anda minlərlə paylaşım ilə sosial medianın gündəminə düşdü. Heç bir brend adı olmadan, heç bir kampaniya etiketi istifadə edilmədən – bu kadr, viral təsirin nə olduğunu sübut edən mükəmməl bir nümunəyə çevrildi. Türkiyəni atıcılıq üzrə təmsil edən Yusuf Dikeç, 10 metr pnevmatik tapança yarışında gümüş medal qazanaraq ölkəsi üçün böyük qürur mənbəyi oldu. Onun diqqət və səbir dolu bu anı təkcə idman nailiyyəti kimi deyil, həm də emosional gücü və vizual estetikası ilə yadda qaldı.
6. Dubay şokoladı
Ənənəvi reklamdan fərqli olaraq, Dubay şokoladının tanıdılması əsasən TikTok və Instagram Reels kimi platformalarda aparıldı. Məşhur kontent yaradıcılarının şokoladı dadarkən verdiyi reaksiyalar, izləyicilərin diqqətini çəkdi və məhsulun satışına birbaşa təsir göstərdi.Dubay şokoladı, istifadəçi tərəfindən yaradılan məzmunun (UGC) gücünü göstərən, ağıllı şəkildə planlanmış və təbii yayılan bir viral marketinq nümunəsidir.
7. Yanmayan Stanley termosu
Sosial mediada birdən-birə yayılan bir video – bir qadın avtomobilinin içindəki hər şeyin yanıb kül olduğunu göstərir, amma bir termosa heç nə olmur. Hətta içindəki buz belə əriməyib. Söhbət məşhur Stanley termosundan gedir. Amma burada məsələ təkcə məhsulun keyfiyyəti deyil. Stanley brendinin bu vəziyyətə verdiyi cavab, onu əsl viral marketinq fenomeninə çevirdi. Şirkət həmin istifadəçiyə sadəcə təşəkkür etmədi, ona yeni maşın hədiyyə edəcəyini elan etdi. Bu jest həm sosial məsuliyyət mesajı verdi, həm də brendə olan sevgini qat-qat artırdı.
8. IKEA-dan gecə yarısı gələn mesaj
Gecə yarısı IKEA-dan “oyaqsan?” mesajı gəlsə,nə edərdiniz? “Əgər hələ də yata bilmirsənsə, bəlkə də yeni döşəyə ehtiyacın var.” İkea gecə yarısı bu mesajı göndərdikdən sonra geridönüş mesajı göndərən müştərilərinə endirim təklif etdi.Bu kampaniyası ilə sübut etdi ki, viral olmaq üçün böyük büdcələr yox, ağıllı fikir, doğru zaman və azca zarafat bəs edir.
9. Hailey Bieber-ın viral telefon qabı
Hailey Bieber-in Rhode brendi tərəfindən təqdim olunan telefon qabı arxasında lip balm yerləşdirmə hissəsi ilə sosial mediada sürətlə yayıldı. Estetik görünüşü və praktiki funksiyası bu məhsulu aksesuar yox, trendə çevirdi. TikTok və Instagram istifadəçiləri bu yeniliyi sevərək paylaşdı və bu da məhsulun satışını artırdı.
10. Jurnalistin Corc Buşa-a ayaqqabı atması
2008-ci ildə Bağdadda keçirilən mətbuat konfransı zamanı iraqlı jurnalist Muntazer əl-Zeydi ABŞ prezidenti Corc Buşa etiraz olaraq ayaqqabı atmışdı. Bu hadisə dünya mətbuatında və sosial şəbəkələrdə sürətlə yayıldı, milyonlarla insan tərəfindən paylaşıldı və parodiyalara çevrildi. Ayaqqabı atmaq hərəkəti bir anda siyasi etiraz simvoluna çevrildi. Bu hadisə da planlı olmasa da, tipik bir viral effekt yaratdı.
Viral marketinq bəzən bir ayaqqabı atmaq qədər gözlənilməz, bəzən isə sadəcə yaxşı ideya qədər sadə ola bilər. Əsas olan mesajı doğru şəkildə və doğru zamanda çatdırmaqdır.Bu nöqtədə real-time marketinq ortaya çıxır. Brendlərin aktual hadisələrə necə çevik reaksiya verdiyini və bu strategiyanın uğurlu nümunələrini görmək üçün Real-Time Marketing ilə bağlı blogumuza keçid edin.
Əgər siz də belə maraqlı və effektli kampaniyaların sirrini öyrənmək, brendinizi daha çox insana tanıtmaq istəyirsənsə, rəqəmsal marketinq dərslərimizə qoşulmağa tələsin!